MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub07 May 2018, 11:05 (GMT +4) Bakı, 7 may, SalamNews. Azərbaycanda güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, mayın 4-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub.
SalamNews MİDA-ya istinadən xəbər verir ki, bu tədbirin əsas məqsədi Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzilləri ziyarətçilərə nümayiş etdirərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verməkdir.
Agentliyin nümayəndəsi bildirib ki, 2016-cı ilin dekabr ayının 24-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. 29 çoxmənzilli yaşayış binasından ibarət olan Kompleksin 21 binasında konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. lk mənzillərin vətəndaşlara təhvil verilməsi bu ilin yay aylarında planlaşdırılır.
Artıq Yasamal Yaşayış Kompleksinin ilk 4 binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
Daha sonra tədbirdə iştirak edən şəxslər belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndiriblər və onlar üçün yaradılan şəraitə görə təşəkkür ediblər. Mənzillərin təmirinin keyfiyyətlə aparıldığını qeyd edən nümayəndələr Yasamal Yaşayış Kompleksində gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğulayıblar.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan “Kapital Bank”, “Bank BTB”, “Unibank” və “Azər-Türk Bank” ASC-lərin təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.
Vətəndaşların rahatlığını təmin etmək məqsədilə, 6 aprel 2018-ci il tarixindən etibarən bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi və “Elektron ipoteka” sistemində şəxsi kabinetin yaradılması ilə bağlı sualların cavablandırılması işinə başlanılıb. İşin səmərəli təşkili və vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq üçün bankların filialları paytaxtın müxtəlif istiqamətlərində müəyyən edilib.
Aprelin 6-dan agent bankların filiallarında 2 000-dən çox vətəndaşa xidmət göstərilərək güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb və ətraflı məlumat verilib.
|