Cavid Qurbanov: Azərbaycan dəmir yolları daha da inkişaf edəcək29 Dekabr 2018, 18:57 (GMT +4) Bakı, 29 dekabr, SalamNews, K.Orxan. "Sürət qatarının ilk olaraq Gəncəyə gəlməsini böyük hadisədir. İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq".
SalamNews xəbər verir ki, bu fikirləri “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün Gəncədə keçririlən Bakı-Gəncə sürət qatırının açılış mərasimində bildirib.
Cavid Qurbanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirə toplaşanları təbrik edib: "Arzu edirəm ki, biz bu qatarla cənab prezidentin başçılığı ilə Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.
|