BNA: Bakıda nəqliyyatın hərəkəti normal təmin edilir18 Yanvar 2019, 09:46 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. "Paytaxt Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir".
SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, əvvəlcədən görülən tədbirlər nəticəsində müntəzəm sərnişindaşıma və yol hərəkətinin təşkili işində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib.
Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gün ərzində nəzarətdə saxlanılır. Bu məqsədlə, Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır. Svetoforların fəaliyyətində problem qeydə alınmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.
"Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik", deyə BNA rəsmisi bildirib.
|