Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

“Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır

11 Sentyabr 2019, 14:35 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. “Caspian Event Organisers” (“CEO”) şirkəti payız mövsümündə 13 tədbir keçirməyi nəzərdə tutur.

Şirkətdən SalamNews-a bildirilib ki, sentyabrda Azərbaycanın ticarət-sənaye sərgiləri bir daha öz qapılarını ziyarətçilərin üzünə açacaq. Daxili və xarici bazarlar arasında mühüm birləşdirici bənd funksiyasını yerinə yetirən sərgilər yerli innovativ layihələrin reallaşdırılması üçün aparıcı texnologiya və kapitalın cəlb olunmasına, eləcə də yerli məhsulların satışına kömək edir, “Made in Azerbaijan” brendinin təşviqinə də şərait yaradır. “Caspian Event Organisers” tərəfindən təşkil olunan və dövlət strukturlarının dəstək verdiyi 13 sərgi iqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif mövzularını əhatə edəcək. Bu il Azərbaycanın iki ənənəvi sərgisi - “BakuBuild” və “Bakutel” 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileylərini qeyd edir. Həmçinin cari ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgi və forumu da keçiriləcək.

Bu ilin sərgi mövsümü II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair” və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint” sərgiləri ilə başlayacaq. “Gift & Promo Fair” sərgisi hədiyyə sektorunun özünəməxsus vitrininə çevriləcək, biznes hədiyyələrinin, reklam və promo suvenirlərinin, eləcə də sevdikləriniz və dostlarınız üçün hədiyyələrin geniş seçimini təklif edəcək. “AdPrint 2019” sərgisində vizual reklam texnologiyaları, mətbəə və poliqrafiya xidmətləri, reklam xidmətləri və tanıtımı, reklam qablaşdırılması və etiketlər və başqa məhsullar təqdim ediləcək. Builki sərgilərdə 40 şirkət iştirak edir. “Gift & Promo Fair” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənəcək. Sahə mütəxəssisləri üçün nəzərdə tutulmuş proqrama müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, defile və sair kimi tədbirlər daxil olacaq. Sərgilər sentyabrın 12-14-də “Boulevard Hotel Baku”da keçiriləcək.

Sərgi mövsümü oktyabrın 10-12-də XIII Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi ilə davam edəcək. Sərgi Təhsil Nazirliyinin dəstək və iştirakı ilə keçirilir. Sərginin xarici iştirakçıları sırasında Almaniya, Belarus, Çexiya, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə və Ukraynanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Belarusun Təhsil Nazirliyi, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu və Şahid Behişti adına Tibb Universiteti sərgidə debüt edəcək. Lexoslar, CLASS/VR kimi avadanlıq təmin edən şirkətlər də iştirakçılar sırasındadır. Sərgidə, həmçinin Azərbaycanın ADA, Dillər, İqtisad, Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki, Azərbaycan, Bakı Dövlət və Bakı Slavyan universitetləri və sair kimi aparıcı ali təhsil müəssisələri iştirak edəcəklər. Sərginin baş sponsoru “Kapital Bank”dır.

Daha sonra sərgi mövsümü XXV yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo”, XII Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” və XII Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securex Caspian” sərgilərini özündə cəmləşdirən “İnşaat həftəsi”ndəki təkliflər toplumu ilə davam edəcək. “İnşaat həftəsi” oktyabrın 22-25-də “Bakı Ekspo” Mərkəzində keçiriləcək.

“BakuBuild” sərgisinin yubileyi intensiv iş rejimində: təqdimatlar, ikitərəfli görüşlər, müsabiqələr və seminarlarla müşayiət olunacaq. Sərgi iştirakçıları sırasında Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya və digər ölkələrin milli qrupları yer alırlar. Bu il Türkiyənin milli stendi, eləcə də Rusiyanın Kirov və Penza regionlarının stendləri sərgidə debüt edir. Yerli istehsalçı və distribüterlər tədbirdə böyük tərkibdə iştirak edəcəklər. Sərginin sponsoru qismində isə tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir.

İlk dəfə olaraq “Сaspian Еvent Оrganisers”in təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə “BakuBuild” sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Prezident İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm - dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq və yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Qeyd edib ki, gələcəkdə təşkil olunacaq digər sərgilərdə də bu mexanizmin tətbiq olunacağı nəzərdə tutulub.

“Сaspian Еvent Оrganisers”in baş direktoru Fərid Məmmədovun sözlərinə görə, AZPROMO və “CEO” şirkəti arasında mövcud əməkdaşlıq əlaqələri alıcı missiyasının təşkili ilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan məhsullarının ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədi ilə reallaşdırılacaq bu dəstək tədbiri yerli və xarici iş adamları arasında işgüzar dialoqun qurulması və qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində mühüm rol oynayacaq.

Təşkilatçıların məhsul portfelinə daxil olan yeni layihə noyabrın 6-7-də “JW Marriott Absheron Baku” otelində keçirilməsi planlaşdırılan Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex 2019” sərgi və forumu olacaq. Tədbir sektorun müxtəlif mütəxəssislərini, o cümlədən rəqəmsal səhiyyə mütəxəssislərini sənayenin gələcək inkişafı məqsədilə bir araya gətirmək üçün nəzərdə tutulub. “Medinex” sərgisi 3 zonadan ibarət olacaq: “Showcase”, “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası”. Sərgidə tibbi texnika və avadanlıqlar, dərman preparatları, ortopedik və stomatoloji avadanlıqlar, tibb müəssisələri və apteklər üçün xüsusi mebellər və başqa məhsullar təqdim ediləcək. “Medinex” sərgisi Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. “Medinex” sərgisi ilə paralel olaraq Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan 2019” sərgisi keçiriləcək.

Daha sonra X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi keçiriləcək. Sərgi öz stendi ilə tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərgidə Azərbaycan, Rusiya, İsveçrə, Xorvatiya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniya şirkətləri iştirak edəcək. Sərgi üçün işgüzar proqram və əlavə tədbirlər proqramı hazırlanıb. Yubiley tədbirin sponsor heyəti sərginin yüksək statusunu əks etdirir. Qızıl sponsor qismində “Mətanət A” şirkəti çıxış edir. “Holcim Azerbaijan” şirkəti, həmçinin sərginin sponsorları sırasındadır. Sərginin yubileyi münasibətilə təşkilatçılar hələ ilin əvvəlində öz sosial məsuliyyət proqramları çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlər keçirməyə başlayıb – plastik paket və “beyc”lərdən tam imtina edərək, reklam məhsullarının hazırlanması zamanı təkrar emal olunan materiallara üstünlük verirlər.

Ənənəvi olaraq, mövsümə öz 25 illik uğurlu yubileyini qeyd edən Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar - “Bakutel” sərgisi ilə yekun vurulacaq. Bu il sərgi yeni brend və formatda təqdim ediləcək. Builki sərginin xüsusiyyəti əsas diqqətin texnologiyaların özünə deyil, qabaqcıl texnologiyaların köməyi ilə səhiyyə, inşaat, neft-qaz sənayesi və təhsil kimi sahələrdə real tapşırıqların həllinə yönəldilməsidir. Sərgi xüsusilə ixtisaslaşmış seminarlar, yeni məhsulların təqdimatı və “B2B” formatlı görüşlərin daxil olduğu maraqlı işgüzar proqramla da mütəxəssislərin diqqətini cəlb edəcək. Sərgi ilə yanaşı, ardıcıl olaraq ikinci il “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “Bakutel Tech Talks” platforması 3 müzakirə sessiyasından ibarət olacaq. Artıq ənənəvi olaraq “Bizimkilər” sessiyasında xaricdəki tanınmış IT şirkətlərində çalışan həmvətənlərimiz çıxış edəcək. İkinci “Women Tech Talks” sessiyasında IT sahəsində uğurlara imza atan qadınlar iştirak edəcək və hazırda üzərində çalışdıqları layihələr barədə məlumat verəcəklər. Üçüncü “FinTech Talks” sessiyasında bank və IT sektorlarının nümayəndələri yaxın gələcəkdə tətbiqi zəruri olan texnologiyaları müzakirə etmək üçün bir araya gələcəklər. Builki sərginin yeniliyi sərgi salonunda yerləşən, biznes və gündəlik həyat üçün şirkətlərə təqdimat formasında innovativ həll variantlarını elan etmək imkanı verən “İnnovasiyalar zonası” adlı interaktiv platforma olacaq.

Sərgidəki ab-hava parlaq yubiley tədbirləri ilə daha da dolğun olacaq. Həmçinin burada ziyarətçilərə “VR” və “AR” texnologiyalarına əsaslanan məhsulların, yeni robot texnikaları və digər məhsulların təqdim ediləcəyi ayrıca “Oyun zonası” yerləşəcək. Sərginin sponsorlarından biri qismində İsveçrənin “Mitto” şirkəti çıxış edir. Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və fəal iştirakı ilə keçiriləcək.

Sərgilər ilə əlaqədar olan tədbirlərə hələ sərgilər başlamazdan əvvəl başlanılacaq. Eksponentlər təşkilatçılar tərəfindən iştirakçıların sərginin bütün resurslarından səmərəli şəkildə istifadəsinə və nəticədə də sərgidən daha çox fayda əldə etməsinə kömək etmək məqsədi ilə keçirilən işgüzar səhər yeməyində bir araya gələcəklər. Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər, müzakirələr və müsabiqələr təşkil ediləcək.

Beləliklə, Azərbaycanın paytaxtını yenidən işgüzar tədbirlər ilə dolu sərgi mövsümü gözləyir. Hər sərgi tədricən əməkdaşlıq layihələrinə çevrilən və maliyyə dividentləri gətirən geniş işgüzar əlaqələr zonası yaradır. Hər il sərgiləri minlərlə alıcı və əməkdaşlıqda maraqlı olan insanlar ziyarət edirlər. Öz təchizatçıları olsa da, onlar hər il daha sərfəli təkliflər almaq, innovasiyalar ilə tanış olmaq və öz təchizatçılarının zamanla nə dərəcədə ayaqlaşdıqlarını müqayisə etmək üçün sərgiləri ziyarət edir. Məlum olduğu kimi, kim sərgidə iştirak etmirsə, o, bazarda da iştirak etmir. Ziyarətçilər üçün payız sərgilərinə qeydiyyat artıq sərgilərin bütün veb-saytlarında açıqdır.

Sərgilər Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Bu il sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage” yer alırlar. “Uşaq zonası” üzrə tərəfdaş – “Bağçam” Uşaq Bağçaları Şəbəkəsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian Event Organisers” şirkəti martda yeni layihəyə başlayır

“Caspian Event Organisers” bu il 8 sərgi keçirməyi planlaşdırır

ATU və “Caspian Event Organisers” arasında əməkdaşlıq memorandumu imzalanıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

23 Oktyabr 2019, 15:08 (GMT +4)
Cavad Zərif Bakıdan səslənib: ABŞ-ın İrana qarşı iqtisadi terroru beynəlxalq təhlükəsizliyi təhdid edir

23 Oktyabr 2019, 15:05 (GMT +4)
Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib

23 Oktyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir

23 Oktyabr 2019, 14:41 (GMT +4)
NATO Putin və Ərdoğanın Suriyaya dair razılaşmasını şərh edib

23 Oktyabr 2019, 14:34 (GMT +4)
Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

23 Oktyabr 2019, 14:30 (GMT +4)
Rusiyanın hərbi polisi Suriya Türkiyə sərhədində strateji Kobani şəhərinə daxil olub

23 Oktyabr 2019, 14:27 (GMT +4)
Rusiya Nigerə 12 ədəd Mi-25 hücum helikopteri verəcək

23 Oktyabr 2019, 14:16 (GMT +4)
MirHəsən Seyidov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şura üzvü seçilib

23 Oktyabr 2019, 14:06 (GMT +4)
Göygöldə top mərmisi tapılıb

23 Oktyabr 2019, 13:50 (GMT +4)
Zelenski yaxın vaxtlarda Norman formatı liderlərin görüşünün keçiriləcəyinə ümid edir

23 Oktyabr 2019, 13:43 (GMT +4)
Monitorinq insidentsiz başa çatıb

23 Oktyabr 2019, 13:35 (GMT +4)
Bakıda "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda konfrans keçirilib

23 Oktyabr 2019, 13:14 (GMT +4)
Bakı Dövlət Universitetində əməkhaqları artırılıb

23 Oktyabr 2019, 13:10 (GMT +4)
İran Ərdoğanla Putinin Suriyanın şimalı ilə bağlı razılaşmasına münasibət bildirib

23 Oktyabr 2019, 13:10 (GMT +4)
Azərbaycanda texniki baxışla bağlı daha bir yenilik edilib

23 Oktyabr 2019, 13:06 (GMT +4)
Kürd birləşmələri Ankaranın tələbi ilə əraziləri tərk edirlər

23 Oktyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2019, 12:49 (GMT +4)
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

23 Oktyabr 2019, 12:31 (GMT +4)
Ötən iki ildə Azərbaycanda 64 yarımstansiyanın tikintisi və yenidənqurulması həyata keçirilib

23 Oktyabr 2019, 12:25 (GMT +4)
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb

23 Oktyabr 2019, 12:24 (GMT +4)
ABŞ və Rusiya "Barış Pınarı"əməliyyatının legitimliyini tanıyırlar - Çavuşoğlu

23 Oktyabr 2019, 12:21 (GMT +4)
Livan hökumətinin islahatla bağlı vədlərinə baxmayaraq etiraz aksiyaları 7-ci günə daxil olub

23 Oktyabr 2019, 12:07 (GMT +4)
Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

23 Oktyabr 2019, 11:57 (GMT +4)
Kiyevdə qumbara partlaması nəticəsində iki nəfər ölüb

23 Oktyabr 2019, 11:43 (GMT +4)
Trampın ticarət müşaviri istefa edib

23 Oktyabr 2019, 11:41 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

23 Oktyabr 2019, 11:32 (GMT +4)
Soçidə 43 dövlət rəsmilərinin qatıldığı Rusiya-Afrika İqtisadi Forumu işinə başlayıb

23 Oktyabr 2019, 11:13 (GMT +4)
DSX rəisi təmas xəttində yerləşən döyüş məntəqələrinin vəziyyətini yoxlayıb (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66