Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində iri sığorta ödənişi verilib30 Sentyabr 2019, 15:15 (GMT +4) Bakı, 30 sentyabr, SalamNews. İcbari Sığorta Bürosu (İSB) bu il martın 6-da Rusiyanın Qafqaz federal avtomobil yolunda baş vermiş ağır yol qəzası ilə əlaqədar 69 512 manat ödəniş edib.
SalamNews Büroya istinadən xəbər verir ki, sığorta ödənişi “Yaşıl Kart” sistemi çərçivəsində verilib.
Xatırladaq ki, həmin gün Azərbaycana məxsus 04BO882 dövlət nömrə nişanlı “Mercedes-Benz Vito” markalı avtomobil Rusiya məxsus P564HE93 dövlət nömrə nişanlı “ZIL 5301 47410C” markalı avtomobillə toqquşub. hadisə 5 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnib.
“Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Sazişin iştirakçıları olan dövlətlərin hər hansı birinin verdiyi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.
|