İdman Jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub09 Dekabr 2019, 13:49 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınn İdman Jurnalistikası magistr proqramının tələbələrinin Böyük Britaniyaya növbəti səfəri uğurla başa çatıb.
Təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində İnglitərənin London, Şeffield, Koventri, Stradford, Mançester və digər şəhərlərində olan proqramın ikinci kurs tələbələri ölkənin mədəni ictimai həyatı ilə yanaşı, ixtisasları üzrə bir sıra qurum və təşkilatlara baş çəkiblər.Bunlara misal olaraq BBC-nin əsas və regional ofislərini, Böyük Britaniyanın tanınmış media və PR təşkilatlarını, həmçinin tarixi əhəmiyyətli məkanlarını qeyd etmək olar. Bundan əlavə, tələbələr İngiltərənin qabaqcıl regional media qurumlarından biri olan "Sheffield Star" qəzetinin redaksiyasında da olublar.
Səfər müddətində tələblərə partnyor universitet, Böyük Britaniyanın Şeffield Hallam Universitetində əsas modullardan biri intensiv şəkildə tədris olunub. Belə ki, tələbələr Şeffield Hallam Universitetinin radio və TV studiyaları ilə tanış olub, bu sahədə ixtisaslaşmış müəllim və mütəxəssilərin mühazirələrində iştirak ediblər.
Tədris modulunun bir hissəsi olaraq tələbələr, mövsümün ən maraqlı oyunlarından biri olan İngiltərə çempionları "Sheffield Steelers" və "Nottingham Panthers" arasındakı buz xokkey oyununu media nümayəndəsi olaraq izləmək imkanını da əldə ediblər. Bundan əlavə, magistrantlar Mançesterə səfər çərçivəsində Old Traford stadionunda və yaxınlıqdakı Milli Futbol Muzeyində də olublar.
Sonda ADBTİA-nın İdman Jurnalistikası Magistr Proqramının tələbələrinə Şeffield Hallam Universitetində aparılan təlim-tədris sesssiyasını müvəffəqiyyətlə tamamladıqlarına görə sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, İdman Jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların hazırlanmasıdır. Bu magistr proqramı ixtisası nəinki Azərbaycanda, Qafqaz regionunda bir ilkdir.
Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilir.
Bu magistr proqramında təhsil alacaq magistrlar onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, online media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
|