Ərəb Dövlətləri Liqası İsrailin Fələstin ərazilərini özünə əlavə etməsilə bağlı bəyanat verib14 May 2020, 16:43 (GMT +4) Bakı, 14 may, SalamNews, B.Samid. Ərəb Dövlətləri Liqası İsrailin təsis edilməsinin 72-ci ildönümü ilə əlaqədar, habelə bəzi Fələstin ərazilərində İsrailin suverenliyinin elan edilməsi planı ilə bağlı bəyanat verib.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, ƏDL-in yeni bəyanatında bildirilib ki, İsrail yeni müharibə cinayətini həyata keçirmək astanasındadır.
Bu bəyanatda deyilir:
“İşğalçı İsrailin zəbt etdiyi Fələstin ərazilərindəki İordan vadisini, Ölü dənizinin şimalı və ya sonradan salınan yəhudi massivlərinin özünə əlavə etməsi yeni müharibə cinayəti hesab edilir. Ona görə Fələstin xalqı öz vətənini, işğal edilmiş torpağını, hüquqlarını və suverenliyini qorumaqda tək qalmayacaq. Fələstin xalqına öz qanuni hüquqlarını müdafiə etməkdə ərəb ölkələri, eləcə də dünyada ədalət və sülhə inanan xalqlar dəstək olacaqlar.”
Qeyd edək ki, İsrail hökuməti işğal altında olan İordan çayının qərb sahilinin İordan vadisini, eləcədə burada sonradan salınan 121 yəhudi yaşayış massivi üzərində suverenliyini rəsmən elan etmək istədiyini açıqlayıb. Bu ərazilər Donald Trampın “Əsrin Sazişi” planında da İsrailin əraziləri kimi nümayiş etdirilib. ABŞ dövlət katibi “Əsrin sazişi"nin tətbiq ediləcəyi təqdirdə İsrailin həmin əraziləri özünə əlavə etməsinə razılıq verəcəyini bildirib.
Bildirək ki, cari ramazan ayının son cüməsi müsəlman ölkələrində Qüds və əl-Əqsa məscidi ilə bağlı Beynəlxalq Qüds günü adı altında aksiya və tədbirlərin keçiriləcəyi gözlənilir.
|