BMT TŞ Yəmənin cənubundakı separatçıları muxtariyyət elanını ləğv etməyə çağırıb15 May 2020, 10:09 (GMT +4) Bakı, 15 may, SalamNews, B.Samid. BMT Təhlükəsizlik Şurası bəyanat yayaraq, Yəmənin cənubunda bir sıra bölgələri nəzarətdə saxlayan “Keçid Şurası”ndan muxtariyyəti ləğv etməyə çağırıb.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası ötən gün Yəmənin cənubunda gedən qarşıdurmalarla bağlı bəyanat verib.
Beynəlxalq təşkilat Yəmənin cənubunda qarşıdurmada olan Abdu-Rabbih Mansur Hadi hökumətindən və “Cənubun Keçid Şurası”ndan silahlı qarşıdurmanı dayandırmağı və bölgədə atəşkəs və sülhlə bağlı imzalanmış ər-Riyad anlaşmasına qayıtmağı tələb edib.
BMT TŞ həmçinin separatçı “Keçid Şurası”ndan muxtariyyət elanından əl çəkməyi tələb edib.
Qeyd edək ki, “Keçid Şurası” Yəmənin cənubunda Ədən şəhəri də daxil olmaqla bir sıra mühüm bölgələri nəzarətdə saxlayır. BƏƏ-nin dəstəklədiyi separatçı meyilli bu qurum bölgədə regional hökumət elan və fövqəladə vəziyyət tətbiq edib. Hazırda Səudiyyə Ərəbistanın və beynəlxalq ictimaiyyətin tanıdığı hökumətin prezidenti və nazirlərin çoxu Səudiyyədə qalırlar. Səudiyyə Ərəbistanı, BƏƏ və onların rəhbərlik etdiyi hərbi koalisiya 2015-ci ilin martından başlayaraq Yəməndə (Abdu-Rabbih Mansur Hadinin) legitimliyi təmin etmək üçün bu ölkədə hərbi müdaxiləyə başlayıblar.
|