Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Sahibə Qafarova: Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib

23 Sentyabr 2020, 14:30 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib.

SalamNews xəbər verir ki, Rusiyaya səfərə dəvət üçün Federasiya Şurasının Sədri Valentina Matviyenkoya təşəkkürünü bildirən Milli Məclisin Sədri Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Hazırda prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında mövcud olan dostluğun və qarşılıqlı etimadın ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verdiyini vurğulayıb.

Parlamentin Sədri bildirib ki, müasir dövrdə Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Xüsusi olaraq qeyd edilib ki, Rusiya ticarət sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu iki dövlətin regionları arasında əməkdaşlığın coğrafiyası gündən-günə genişlənir. Bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri olan Dağıstan və Tatarıstanla, Həştərxan, Saratov, Sverdlovsk, Ulyanovsk, Yekaterinburq, Vladimir, Volqoqrad və digər vilayətlərlə fəal əməkdaşlıq edir. Xüsusilə, Azərbaycanla Rusiya arasında humanitar sahədə səmərəli əməkdaşlıq böyük məmnunluqla qeyd edilməlidir. Dövlət başçılarımızın təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu son illər iki dövlətin humanitar əlaqələri sahəsində əsas hadisələrdən birinə çevrilib.

Qeyd edilib ki, ölkəmizdə həmişə rus dilinə və rus mədəniyyətinə qayğı ilə yanaşılıbdır. Azərbaycanda Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Respublikanın 300-dən çox orta məktəbində tədris rus dilində aparılır, ali məktəblərin əksəriyyətində rus dilində şöbələr var. Bakıda 1920-ci ildən – 100 il bundan öncə açılışı olmuş Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir.

Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı, məscidlərin, pravoslav və katolik kilsələrinin, sinaqoqların sərbəst fəaliyyət göstərdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkədə Cənubi Qafqazda ən böyük - 120 mindən çox üzvü olan rus icması fəaliyyət göstərir. Bu icmaya altıncı çağırış Milli Məclisin deputatı seçilən Mixail Zabelin başçılıq edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində rus icmasının fəaliyyətini yüksək dəyərləndirərək deyib: “Azərbaycandakı rus icması özünün milli və dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, dilini və mədəniyyətini qoruyub saxlamışdır. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini rus vətəndaşları olmadan təsəvvür etmək olmaz”. Ölkələrimiz arasında məhsuldar humanitar əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi yeri var.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında hər iki ölkənin parlamentləri də fəal iştirak edirlər. Hazırda ölkələrimizin ali qanunverici orqanları arasında əlaqələr “Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin müddəalarına əsaslanır. Bu sənədə əsasən, daimi əməkdaşlıq üzrə parlamentlərarası komissiya yaradılıb. Hər iki ölkənin parlament sədrlərinin ənənəvi qarşılıqlı səfərləri və dostluq qruplarının fəaliyyəti dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə xüsusi töhfə verir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda fəal əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. Xatırlatmaq istərdim ki, AŞPA-da Rusiyanı bu beynəlxalq qurumda səsvermə hüququndan məhrum edən qətnamə layihəsi səsə qoyularkən Azərbaycan nümayəndə heyəti tam heyətdə bu sənədə qarşı səs verən azsaylı nümayəndə heyətlərindən biri olubdur.

Sahibə Qafarova öz çıxışında deyib ki, bizim ölkələrimizi ümumi tarixə malik olmağımız da birləşdirir. 75 illiyini bu il qeyd etdiyimiz faşizm üzərində böyük Qələbə də məhz bu qəbildəndir. Sədr vurğulayıb ki, ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur. Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı oldu.

“Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim Almaniya uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

Azərbaycan parlamentinin Sədri ən yaralı yerimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib.

Milli Məclisin Sədri Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs edərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi.

Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.

Sahibə Qafarova Ermənistanın son təxribatına diqqət çəkərək bildirib ki, bu hadisə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur.

Parlamentin Sədri bildirib ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. Biz belə hesab edirik ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Hesab edirik ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək məqsədilə oradan qovulmuş Azərbaycan əhalisini öz daimi yaşayış yerlərinə geri qaytarmaq və onların erməni əhalisi ilə bərabər şəkildə məişətini və təhlükəsizliyini təmin etmək lazımdır. Ancaq bundan sonra hər hansı bir statusun verilməsindən danışmaq olar. Azərbaycan tərəfi ölkənin bu bölgəsinin hər iki icmasının faydalanacağı bütün zəruri tədbirləri həyata keçirməyə hazırdır. Sizin də anladığınız kimi, bu mərhələyə keçmək üçün əsas maneə ərazilərimizin işğalıdır. Onu da qeyd etmək istəyirəm ki, bu gün burada nümayəndə heyətimizin tərkibində Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev iştirak edir. Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur.

Sədr vurğulayıb ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək.

Çıxışına davam edərək S.Qafarova deyib ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur. Biz ümid edirik ki, əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxışının sonunda əminliklə bildirdi ki, Azərbaycanla Rusiya arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davamlı olaraq möhkəmlənəcək, ölkələrimizin çiçəklənməsi və xalqlarımızın rifahı naminə inkişaf edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova beynəlxalq təşkilatlara çağırış edib

Sahibə Qafarova BMT nümayəndəsi ilə görüşüb

Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada ilə görüşüb

Sahibə Qafarova Türkiyənin Ticarət naziri ilə görüşüb

Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək

Şimali Kipr Cümhuriyyət Məclisinin sədri Sahibə Qafarovaya zəng edib

Sahibə Qafarova Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Sahibə Qafarova vətəndaşları koronavirusla bağlı qaydalara riayət etməyə çağırıb

Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib

Deputat Sahibə Qafarova BMT-nin 59-cu sessiyasında iştirak edəcək

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66