Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 05 Dekabr 2020, 13:00 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarından (KSES) birinin gücü 4,8 digərinin gücü isə 3 Meqavatdır.
SalamNews xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil.
"İşğaldan azad edilən Suqovşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb. Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək".
|