Brüsseldə Türkiyə və Yunanıstan hərbi heyətləri arasında danışıqlar yenidən başlayacaq15 Yanvar 2021, 15:18 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. NATO-nun Brüsseldəki mənzil-qərargahında gələn həftə Türkiyə və Yunanıstan hərbi heyətləri arasındakı danışıqların yenidən başlaması nəzərdə tutulub. SalamNews Anadolu-ya istinadən xəbər verir ki, bu barədə cümə günü Ankaradakı güc strukturlarında məlumat verilib.
Türkiyə və Yunanıstan silahlı qüvvələri arasında Şərqi Aralıq dənizində baş verə biləcək mümkün insidentlərin qarşısının alınması prosesinin razılaşdırılması məqsədilə görüşlərin keçirilməsi barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında baş tutmuş söhbətin nəticəsi olaraq verilib.
2 oktyabr 2020-ci ildə NATO-nun mənzil-qərargahında dialoqun "ümumi prinsipləri" barədə razılığın əldə edildiyi elan edilmişdi. Lakin daha sonra rəsmi Afina dialoqdan imtina etdiyi üçün danışıqlar bir müddət dayandırılmışdı.
|