Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib16 Yanvar 2021, 15:24 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Almaniyanın Xristian demokratlar ittifaqının (XDİ) onlayn-qurultayının nümayəndələri şənbə günü Şimali Reyn-Vestfaliya federal toprağının baş naziri Armin Laşeti partiyanın sədri seçiblər. SalamNews TASS-a istinadən xəbər verir ki, mühafizəkarların internet səhifəsində canlı yayımlanan qurultayda Laşetin 521 səs qazandığı məlum olub.
Daha öncə, qurultay nümayəndələri ilk turda yeni sədri seçməyə müvəffəq olmamışdılar, səsvermənin ikinci turu isə ən az səs toplamış Norbert Ryotgenin iştirakı olmadan keçirilmişdi. Partiya liderliyinə ən real namizədlər Armin Laşet və XDİ parlament fraksiyasının keçmiş rəhbəri Fridrix Merts idilər.
Ehtimallara görə, XDİ məhz yeni liderin rəhbərliyi altında 2021-ci ildəki parlament seçkilərində iştirak edəcək. Vəzifələrin bölüşdürüləcəyi – partiyaya bir adamın rəhbərlik edəcəyi, kanslerliyə isə bir başqa siyasətçinin namizədliyinin irəli sürüləcəyi də istisna edilmir. Bu barədə qərar yaxın aylar ərzində veriləcək.
|