Tramp 26 yanvardan etibarən əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini götürüb19 Yanvar 2021, 15:25 (GMT +4) Bakı, 19 yanvar, SalamNews. ABŞ-ın hazırki prezidenti Donald Tramp bazar ertəsi Şengen zonası ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliyadan ABŞ-a giriş qaydalarına koronavirus pandemiyası səbəbilə qoyulmuş məhdudiyyətlərin 26 yanvardan etibarən aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.
SalamNews TASS-a istinadən xəbər verir ki, Ağ evin mətbuat xidməti bununla bağlı sənədi ictimaiyyətlə bölüşüb.
ABŞ-a gələn bütün əcnəbilərin koronavirusla bağlı mənfi test nəticələrini təqdim etməsini nəzərdə tutan qaydaların qüvvəyə minməsindən sonra əvvəlki tədbirlər ləğv ediləcək.
“Bu ölkələrdən gələnlərə qoyulmuş məhdudiyyətlərin ləğvi artıq ABŞ-ın maraqlarına xələl gətirməyəcək. Bununla bağlı, giriş məhdudiyyətləri ilə əlaqədar əvvəlki tədbirlərin 26 yanvar tarixi saat 12:01-dən etibarən qüvvədən düşməsinə sərəncam verirəm”, - deyə mətndə qeyd edilib.
Bununla belə, səhiyyə sahəsində əməkdaşlıqdan boyun qaçırdıqları üçün Çin və İrandan gələn əcnəbilərə dair təhlükəsizlik tədbirləri qüvvədə qalacaq.
|