AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib24 Yanvar 2021, 10:06 (GMT +4) Bakı, 24 yanvar, SalamNews. AMEA prezidenti akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib.
SalamNews xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə çap edilən “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı bir neçə gün öncə Moskvada rus dilinə tərcümə edilərək çapdan çıxıb.
“РГ-Пресс” nəşriyyatı tərəfindən çap edilən kitabın redaktoru Leyla Əliyeva və rus dilinə tərcümə edən isə Püstə Axundovadır.
Nadir şahın şəxsi həkimi – fransız əsilli Lui Bazinin (1712-1774) məktubları əsasında qələmə alınmış əsərdə dövrün hərbi-siyasi mənzərəsi, saray çəkişmələri, yaxınları və düşmənləri tərəfindən şaha qarşı hazırlanan sui-qəsdlər və digər hadisələr tarixi sənədlərə və faktlara istinadla şərh edilir.
İki hissədən ibarət olan bu məktublar Qərb şərqşünaslarının Nadir şah və onun dövrü haqqında apardıqları tədqiqatlarda ən çox istinad etdikləri qaynaqlardan biridir. İlk dəfə 1780-ci ildə fransız dilində dərc edilən məktublar iki əsr sonra iranlı tədqiqatçı Əli Əsgər Həriri tərəfindən fars dilinə tərcümə edilmişdir. Sənədləri fars dilindən tərcümə edən Şahin Yəhyayev və Əli Şükrü, fransız mətnləri ilə tutuşduran isə Fuad Həsənov olmuşdur.
Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifləri s.e.f.d., dosent Eldar Əmirov, h.f. d. Cahangir Hüseynov-Əfşardır.
Xatırladaq ki, akademik Ramiz Mehdiyev mütəmadi olaraq tarixi mövzulara müraciət edərək Azərbaycan tarixinin qaranlıq səhifələrinə arxiv materialları əsasında işıq salmağa çalışır və tariximizin müəyyən dövrlərini sənədlər əsasında tədqiq edərək onu geniş oxucu kütləsi, tarixşünaslar və mənbəşünasların ixtiyarına verir. Bu əsərlər sırasında hörmətli akademikin müəllifi olduğu “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti”, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”, Nadir şahın şəxsi həkiminin məktubları-hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi və s. əsərlərini nümunə göstərmək olar.
|