Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli26 Yanvar 2021, 16:45 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Türkiyə və Azərbaycan liderləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) Dağlıq Qarabağda, erməni işğalından azad edilmiş Şuşa şəhərində məktəb inşa etməsi ilə bağlı layihəni təsdiqləyib.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu MHP sədri Dövlət Bahçeli parlamentdə çıxış edərkən açıqlayıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş Şuşada məktəb tikintisi üçün MHP-nin layihəsini razılaşdırdı və təsdiqlədi", Bahçeli bildirib.
"Məktəb hazır olan kimi onu dərhal Azərbaycan tərəfinə verəcəyik", o qeyd edib.
O, iki qardaş ölkənin liderlərinə MHP-nin Dağlıq Qarabağ ideyasını dəstəklədiklərinə görə təşəkkür edib.
Onun sözlərinə görə, təhsil müəssisəsi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin inşası 30 yanvar 2021-ci ildə başlaya bilər.
"Yeni məktəb tikintisinin hər mərhələsi barədə dövlət başçılarına məlumat veriləcək", siyasətçi əlavə edib.
|