Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb28 Yanvar 2021, 13:34 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.
Bildirilib ki, o, ordu sıralarından ehtiyata buraxılıb.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.
Xatırladaq ki, N.Sadıkov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayından isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.
|