Husilər Səudiyyə Ərəbistanın hərbi qərargahını ballistik raketlə hədəfə aldıqlarını bildiriblər12 Fevral 2021, 09:51 (GMT +4) Bakı, 12 fevral, SalamNews, B,Samid. Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” Səudiyyə Ərəbistanın cənubunda “Məlik Xalid” hərbi hava qərargahını ballistik raketlə hədəfə aldıqlarını bildiriblər.
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.
Bildirilib ki, “indiyə qədər adı açıqlanmayan münasib ballistik raketlə Səudiyyənin Xams-Mşit bölgəsində yerləşən Kral Xalid hərbi hava qərargahı hədəfə alınıb və raket hədəfi dəqiqliklə vurub.”
Əlavə edilib ki, bu hücum Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə hücumlarının artması və mühasirənin davam etdirilməsinə görədir.
Səudiyyə Ərəbistanı hərbi koalisiyası hələ buna münasibət bildirməyib.
Qeyd edək ki, iki gün öncə husilər Səudiyyə Ərəbistanın Əbha hava limanını 4 ədəd PUA ilə hədəfə almış və hava limanında yanğın baş vermişdi. Səudiyyə Ərəbistanı hərbi koalisiyası PUA-lardan ikisini vurduğunu bildirmişdi.
Bildirək ki, ABŞ hökuməti Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi dayandırdığını elan edib.
|