ABŞ Əfqanıstandan çıxmağa tələsmir – Pentaqon19 Fevral 2021, 13:56 (GMT +4) Bakı, 19 fevral, SalamNews, B.Samid. “Amerika Əfqanıstandan tələsik və nizam-intizamsız çıxmayacaq.”
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ostin Loyd NATO-nun iclasında çıxışı zamanı deyib.
Ölkəsinin Əfqanıstanla bağlı siyasətinə toxunan müdafiə naziri bildirib ki, ABŞ bu ölkədən nizam-intizamsız və tələsik şəkildə çıxmayacaq.
Qeyd edək ki, iclasda danışan NATO baş katibi Yens Stoltenberq də oxşar açıqlama ilə çıxış edib.
Bildirək ki, sabiq ABŞ hökuməti ötən ilin fevralında Talibanla sülh sazişi imzalayıb. Sazişə əsasən əcnəbi qüvvələr 14 aya ölkəni tərk etməlidirlər və Taliban bu qüvvələrə hücumu dayandırmalıdır. Taliban Tramp Administrasiyası ilə imzalanmış sülh sazişinin şərtlərinə əməl etməməklə bağlı xəbərdarlıq etmişdi. Co Bayden administrasiyasının rəsmiləri də Talibanla imzalanmış sülh sazişinə yenidən baxılacağını təxmin etmişdilər.
Qeyd edək ki, bu sülh sazişindən sonra Əfqanıstandaxili danışıqlar başlasa da ciddi irəliləyiş əldə edilməyib. Dohada gedən danışıqlarda artıq bir aydır fasilə yaranıb.
|