Rusiya ABŞ-ın Suriya ərazisinə aviazərbələr endirməsinə münasibət bildirib26 Fevral 2021, 13:16 (GMT +4) Bakı, 26 fevral, SalamNews, B.Samid. “Amerikanın hava zərbələri ölkələrin suverenliyi ilə bağlı beynəlxalq qanunları pozmaqdır və qəbuledilməzdir.”
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Amerikanın ötən gecə Suriyanın şərqində İranın dəstəklədiyi qüvvələr deyilən obyektlərə hava zərbələri endirməsinə münasibət bildirən Rusiya XİN mənbələri, bu addımın qəbuledilməz olduğunu deyib və onu suveren bir ölkənin ərazisinə edilən təcavüz adlandırıblar.
Bu mənbələr eyni zamanda bildiriblər ki, qeyd edilən zərbələr davam edərsə hətta nüvə sazişi kimi mühüm beynəlxaq anlaşma təhlükə altına düşə bilər. Əlavə edilib ki, İran Suriyada hökumət qüvvələrinin terrora qarşı mübarizəsində yardım göstərir.
Qeyd edək ki, Pentaqon ötən gecə Suriyanın şərqində İranın dəstəklədiyi qüvvələrin infrastruktur obyektlərini hədəfə aldığını bəyan edib. ABŞ bu zərbələri İraqdakı obyektlərinə hücuma cavab olaraq həyata keçirdiyini bildirib. Reuters iddia edib ki, bu hava zərbələrində 17 nəfər ölüb.
Suriya hökuməti və İran hələ bu iddialara rəsmi münasibət bildirməyiblər.
|