Abbas Əraqçi: İran Qarabağın işğalına qarşı olub və hətta orada şəhidlər verib01 Mart 2021, 12:54 (GMT +4) Bakı, 1 mart, SalamNews, B.Samid. “Azərbaycan bölgələrinin Ermənistan tərəfindən işğal edilməsindən sonra beynəlxalq ictimaiyyət hərəkətə keçsə də bu böhranın həllində aciz qaldı. İran Qarabağın işğalına qarşı idi. O zamanda İran tərəfindən Azərbaycana çoxlu köməklər edildi və hətta bu yolda şəhidlər də verdi.”
SalamNews xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
İranın Qarabağın işğalına qarşı olduğunu bildirən xarici işlər nazirinin müavini əlavə edib ki, son Qarabağ müharibəsi dönəmində də rəsmi Tehran Azərbaycanın Qarabağ üzrərində hakimiyyətini təsdiq edib və onu rəsmən tanıyıb.
“Azərbaycan hökuməti və xalqı öz işğal edilmiş ərazilərinin hərbi yolla azad edilməsi haqda qərar qəbul etdilər. İran həmişə Qarabağın işğalına qarşı olub. Bu istiqamətdə Xudafərin səddinin inşası müqaviləsinin Azərbaycanla bağlanılması bunu göstərir ki, İran Azərbaycanın Qarabağ üzərində hakimiyyətini rəsmən tanıyır.”
O əlavə edib:
“Qarabağ müharibəsinin başlamasından sonra İran İslam Respublikası bir layihə hazırladı ki, qarşıdurmanın dayanması, işğal edilmiş ərazilərin geri qaytarılmasını, eləcə də daimi həllə nail olmaq üçün danışıqların başlamasını təmin edəcəkdi. İranın həlli yolu region ölkələri arasında tranzit yollarını da təmin edirdi və tərəflər İranın bu planını alqışlamışdılar.”
|