Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara müraciət edib

21 Sentyabr 2021, 10:30 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı müraciət edib.

SalamNews xəbər verir ki, müraciətdə deyilir:

"Beynəlxalq Sülh Gününün əsası 1981-ci ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qoyulmuşdur. 2001-ci ilin 28 sentyabr tarixində Baş Assambleyanın yekdilliklə qəbul etdiyi qərara uyğun olaraq, hər il 21 sentyabr - Beynəlxalq Sülh Günü kimi dünyada qeyd olunur.

Bu gün insan hüquqlarının fövqündə dayanan, bəşəriyyətin dayanıqlı inkişafına ciddi maneələr yaradan və həlli olduqca vacib olan qlobal problemlərindən biri kimi dünyada sülhün bərqərar edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Yeri gəlmişkən 2021-ci il üçün Beynəlxalq Sülh Gününün mövzusu “Ədalətli və dayanıqlı dünya naminə “daha yaxşı bərpa” adlanır.

Beynəlxalq və ölkə miqyasında insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiə edilməsi üçün sülh və təhlükəsizliyin təmini ən mühüm amillərdən biridir. Bu gün dünyada sülh qlobal çağırış qismində çıxış edir və dövlətlərin suverenliyinin qorunması, birgəyaşayışın təşviq edilməsi fonunda ölkələr, konfessiyalar və sivilizasiyalar arasında genişlənən ziddiyyətlər, davam edən münaqişələr və yaranan yeni müharibə ocaqları sülhün təmin olunmasına birbaşa maneə törədir. Hazırda bu cür silahlı münaqişə və müharibələrin hələ də davam etməsi nəticəsində milyonlarla insan, o cümlədən uşaqlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər öz doğma yurdlarından didərgin salınır.

Təəssüflə qeyd etmək istərdik ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükədir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma öz yurdlarına qayıtması, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsinin icrası istiqamətində uzun müddət ərzində heç bir əməli addım atılmamış və bu sənədlərdə öz əksini tapmış müddəalar sadəcə kağız üzərində qalmışdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməmişdir.

Bu baxımdan beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmayacağına əmin olan və bundan ruhlanan Ermənistanın siyasi-hərbi rəhbərləri cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə əlaqədar cinayət əməllərini davam etdirmişlər.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparmış, uzun müddət səbr edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan ikili standartlarla pərdələnərək özünün işğalçılıq siyasətindən əl çəkməmişdir.

Ötən il iyul ayında yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq hətta qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin bölmələrini, həmçinin cəbhə bölgəsindən uzaq məsafədə yerləşən və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qəsdən və məqsədli olaraq atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmış, 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.

Bütün bunlar isə hərbi münaqişələr zamanı mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin insan hüquqlarının qorunmasına dair beynəlxalq müqavilələrin, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının, eləcə də BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında” Bəyannaməsinin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyalarının müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnmişdir.

Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən və məqsədli şəkildə kütləvi yanğınlar törədilməklə həyata keçirilmiş ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit, o cümlədən təmiz su mənbələri fiziki və kimyəvi çirklənməyə məruz qalmış, müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Beləliklə də təkcə ölkəmizin deyil, bütövlükdə regionun təbiətinə, flora və faunasına ciddi ziyan vurulmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq müqavilələrin, o cümlədən, BMT-nin “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi haqqında” Konvensiyasının pozulması deməkdir.

Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə yuxarıda qeyd olunan qətnamələrin icrasını təkbaşına təmin etmişdir.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə, demək olar ki, münaqişə artıq başa çatmışdır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Azərbaycan tərəfi özünün ədalətli sülh siyasətinə, üçtərəli bəyanatda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə sadiq qalaraq, Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tam bərpa olunmasına dinc yolla şərait yaradıldığı və ərazi bütövlüyünə hörmət bəslənildiyi təqdirdə yekun sülh müqaviləsinin bağlanmasında, hər iki ölkənin xalqları arasında normal qonşuluq münasibətlərinin qurulmasında maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Lakin buna baxmayaraq, Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəməyərək, üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmaqla yanaşı, Azərbaycana qarşı hərbi təxribatlarını və qarayaxma kampaniyasını davam etdirir.

Xüsusilə də müharibədən sonrakı dövrdə xalqlar arasında yaranacaq əlaqələrin və regionda sabit sülh şəraiti barəsində müzakirələrin aparılması gözlənildiyi halda Ermənistan siyasi elitası tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən bəyanatların səsləndirilməsinin şahidi oluruq.

Qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və regional əməkdaşlığı inkişaf etdirmək prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyin azaldılması, regional sülhü möhkəmləndirməsi və əməkdaşlığı genişləndirilməsi yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq, müxtəlif media resurslarında və sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət təbliğatını davam etdirir.

Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən demək olar ki, tamamilə dağıdılmış, kütləvi şəkildə talan edilmişdir. Daha ciddi təhlükə isə eyni zamanda həmin ərazilərdə yüz minlərlə mina basdırılmasıdır. Təbii ki, onilliklər boyu aktiv qalaraq ciddi risk daşıyan bu minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Müharibənin başa çatmasından sonra yalnız hərbi qulluqçuların deyil, mülki şəxslərin də minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. İşğal dövründə minaladığı ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçıran Ermənistan tərəfi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də maneə törədir. Bununla da o, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 soydaşımızın taleyi barədə qarşı tərəfdən hələ də məlumat əldə etmək mümkün olmamışdır. Təəssüf ki, hazırda irəli sürülən sülh təşəbbüslərindən müxtəlif cəhdlərlə yayınan Ermənistan tərəfi müharibə başa çatdıqdan sonra da itkin düşənlərlə bağlı məlumat mübadiləsində əməkdaşlıqdan boyun qaçırır.

Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli sülhün və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını nəzərə alaraq,

Beynəlxalq insan hüquqları təşkilatlarını, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatlarını və digər milli insan hüquqları institutlarını regionda pozulan insan hüquqlarının bərpası naminə, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması və daimi sülhün bərqərar olunması istiqamətində birgə səylər göstərməyə,

Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə,

Tərəflər arasındakı dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesinin obyektiv şəkildə həyata keçirilməsinə və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına mane olan əməllərə son qoymağa,

Birinci və İkinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə obyektiv məlumatın təqdim edilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarda basdırılmış minaların dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təcili tədbirlər görməyə,

Regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etməyə çağırırıq".

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2021, 18:01 (GMT +4)
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

27 Oktyabr 2021, 17:47 (GMT +4)
Avropa Məhkəməsi Polşa hökumətini cərimələyib

27 Oktyabr 2021, 17:45 (GMT +4)
Nazirlik 8 Noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirlərin siyahısını açıqlayıb

27 Oktyabr 2021, 17:34 (GMT +4)
General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

27 Oktyabr 2021, 17:23 (GMT +4)
Taylandda "Delta Plus" koronavirus ştammı aşkar edilib

27 Oktyabr 2021, 17:20 (GMT +4)
DSX: Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb

27 Oktyabr 2021, 17:10 (GMT +4)
İraq hökuməti İŞİD-ə qoşulmuşların 38 övladını Azərbaycana təhvil verib

27 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycan və Dünya Bankı 65 mln dollarlıq yeni kredit müqaviləsi imzalayıb

27 Oktyabr 2021, 16:49 (GMT +4)
Nigeriyada 12 milyon uşaq oğurlanmaq qorxusu ilə təhsil almaqdan çəkinir

27 Oktyabr 2021, 16:38 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

27 Oktyabr 2021, 16:27 (GMT +4)
ABŞ ekstradisiya zamanı Assanjın “xüsusi tədbirlərə” məruz qalmayacağına söz verib

27 Oktyabr 2021, 16:16 (GMT +4)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub

27 Oktyabr 2021, 16:02 (GMT +4)
Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edib

27 Oktyabr 2021, 15:51 (GMT +4)
Lavrov Əfqanıstanın qonşularını NATO-nun ərazilərinə daxil olmasının qarşısını almağa çağırıb

27 Oktyabr 2021, 15:44 (GMT +4)
Afrika Birliyi çevrilişə görə Sudanla bağlı layihələri və planlarını dayandırıb

27 Oktyabr 2021, 15:40 (GMT +4)
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib

27 Oktyabr 2021, 15:28 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 703 min nəfəri keçib

27 Oktyabr 2021, 15:25 (GMT +4)
"Nar" növbəti satış və xidmət mərkəzini yeniləyib - FOTO

27 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Çexiya Prezidentini təbrik edib

27 Oktyabr 2021, 15:05 (GMT +4)
Əlqaidənin Suriya qanadı “Türkmən dağları”nı nəzarətə götürüb

27 Oktyabr 2021, 14:55 (GMT +4)
Ekvadorda hökumət əleyhinə nümayişlər zamanı 37 nəfər saxlanılıb

27 Oktyabr 2021, 14:43 (GMT +4)
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa gedib

27 Oktyabr 2021, 14:32 (GMT +4)
"Çelsi" 1/4 finala penaltilərlə yüksəlib - (VİDEO)

27 Oktyabr 2021, 14:30 (GMT +4)
Azərbaycanda bölgələr üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

27 Oktyabr 2021, 14:20 (GMT +4)
Rusiyada COVID-19-dan gündəlik ölüm sayında anti-rekord yenilənib

27 Oktyabr 2021, 14:10 (GMT +4)
İran prezidenti ölkədə yanacaq doldurma məntəqələrinə edilən kiber hücuma münasibət bildirib

27 Oktyabr 2021, 14:04 (GMT +4)
Qazax sakinindən odlu silah götürülüb

27 Oktyabr 2021, 14:01 (GMT +4)
Şuşa və Ağdamın komandaları Region Liqasında mübarizə aparacaq

27 Oktyabr 2021, 13:54 (GMT +4)
Azərbaycanda şəhid ailələri və veteranlarla bağlı “Zəfər” altsistemi yaradılıb

27 Oktyabr 2021, 13:44 (GMT +4)
Bayden Si Tsinpinlə görüşü zəruri hesab edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66