DMX-nin rəisi ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edir18 May 2022, 12:07 (GMT +4) Bakı, 17 may, SalamNews. Mayın 17-20-sində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi və tərkibinə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, eləcə də nümayəndəliyin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edir.
Bu barədə SalamNews Xidmətdən məlumat verilib.
Bildirilib ki, beynəlxalq miqrasiyanın bütün aspektlərini əhatə edən ilk hökumətlərarası sənəd olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il gündəliyi ilə əlaqədar müzakirəsi məqsədilə BMT tərəfindən miqrasiya sahəsində dünyada ilk dəfə qlobal səviyyədə təşkil edilən bu beynəlxalq tədbirdə BMT-nin Üzv Dövlətlərinin dövlət və hökumət başçıları, miqrasiya sahəsinə məsul qurumlarının rəhbərləri, eləcə də BMT Baş Katibi Antonio Quterreş başda olmaqla, BMT-nin yüksək vəzifəli rəsmiləri iştirak edir.
Forum BMT-nin Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi ilə reallaşır.
|