Türkiyə İsveçin NATO-ya üzvlüyü üçün rəsmi tələbləri yayımlayıb24 May 2022, 13:14 (GMT +4) Bakı, 24 may, SalamNews. İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin mövqeyi aydındır. Ankara Stokholmdan alyansın "kollektiv təhlükəsizlik prinsipi"nə uyğun konkret təminatlar verməsini gözləyir.
SalamNews "AA"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin yaydığı məlumatda deyilir.
"Ankara NATO-ya üzvlük üçün müraciət etmiş İsveçin Türkiyənin təhlükəsizliyi ilə bağlı fundamental addımlar atacağını və konkret təminat verəcəyini gözləyir", deyə sənəddə qeyd olunub.
Bildirilir ki, bu cür təminatlar arasında terrora dəstəyin dayandırılması, terrorun maliyyə mənbələrinin aradan qaldırılması, PKK terror təşkilatı və onun Suriya qolu PYD-yə hərbi dəstəyin dayandırılması, o cümlədən Ankaraya qarşı embarqonun və sanksiyaların aradan qaldırılması daxildir.
"Türkiyə NATO-da açıq qapı siyasətinə sadiqdir, lakin Ankara alyansın üzvlərinin və bloka üzv olmağa namizəd ölkələrin digər sahələrdə olduğu kimi terrorizmlə mübarizədə də fəal əməkdaşlıq etmələrini zəruri hesab edir", deyə qeyd olunub.
|