Stoltenberq Putinə Rusiya sərhədlərində “daha çox NATO” vəd edib29 İyun 2022, 11:22 (GMT +4) Bakı, 29 iyun, SalamNews. Finlandiya və İsveçin NATO-ya qəbulu Rusiya prezidenti Vladimir Putinə alyansın qapılarının yeni ölkələr üçün açıq qalacağına dair siqnaldır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Madriddə Türkiyə, İsveç və Finlandiyanın üçtərəfli memorandumun imzalamasından sonra keçirilən mətbuat konfransında qurumun baş katibi Yens Stoltenberq bildirib.
"Bu, prezident Putinə NATO-nun qapılarının yeni ölkələrə açıq qalacağına dair bir siqnaldır. Bu, onun yanvar ayında Avropa təhlükəsizlik sazişi təklif edərkən istədiyinin əksidir. Putin Rusiya sərhədləri yaxınlığında daha az NATO istəyirdi , amma indi daha çox NATO alacaq", deyə Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, çərşənbə günü keçiriləcək sammitdə alyans liderləri Finlandiya və İsveçin NATO-ya dəvət olunması barədə qərar qəbul edəcəklər, lakin alyansa qoşulma tarixi hələ məlum deyil, çünki ilk olaraq “qoşulma protokolu NATO ölkələrinin bütün parlamentləri tərəfindən ratifikasiya edilməlidir".
"Finlandiya və İsveçin NATO-ya daxil olması bu ölkələr üçün vacibdir. Sadəcə xəritəyə baxın və başa düşəcəksiniz ki, onlar Baltikyanı regionda bütün vəziyyəti dəyişəcəklər. Onlar Baltikyanı ölkələri - Estoniya, Litva və Latviyanı əhatə edəcək, həmçinin dünyanın bu hissəsində mövcudluğumuzu gücləndirməyə imkan verəcək", deyə alyansın baş katibi vurğulayıb.
|