“Varlığımızı qoruyanların sağlamlığını qorumaq borcumuzdur” adlı xeyriyyə aksiyası keçirilib (FOTO)29 İyun 2022, 12:41 (GMT +4) Bakı, 29 iyun, SalamNews. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində yaşayan Qazi övladları üçün 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.
SalamNews xəbər verir ki, Estetik klinikada baş tutan aksiyada Milli Məclisin deputatı Jalə Əhmədova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova, rayon ictimaiyyəti və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin aparıcısı 26 İyun - Silahlı Qüvvələr Gününün dövlətimiz üçün əhəmiyyətindən danışıb, şanlı qələbəmizdə böyük rolu olan Qazilərimizin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Sonra çıxışcılar ölkəmizdə Qazi ailələrinə dövlət qayğısını vurğulayaraq aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürünü bildiriblər.
Daha sonra tədbirdə iştirak edən Vüsal Həsənov çıxışında aksiyanın “varlığımızı qoruyanların sağlamlığını qorumaq borcumuzdur” şüarı altında keçirildiyini vurğulayıb və gələcəkdə davam etdirilməsi üçün planlar haqqında iştirakçıları məlumatlandırıb.
Sonda tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi bədii hissə ilə davam edib, təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
|