Madriddə NATO liderlərinin sammiti işə başlayıb29 İyun 2022, 15:01 (GMT +4) Bakı, 29 iyun, SalamNews . İspaniyanın paytaxtı Madrid şəhərində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti başlayıb.
SalamNews xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.
Ukrayna ilə bağlı ilk sessiyada çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, sammit Rusiya və Çin kimi avtoritar rejimlərin mövcud dünya nizamına meydan oxuduğu daha rəqabətli dünyada NATO-nun güclənməsi üçün mühüm qərarlar qəbul edəcək.
Sammit iştirakçıları Alyansın yeni Yol Xəritəsinə çevriləcək yenilənmiş NATO Strateji Konsepsiyasını qəbul etməli olacaqlar.
Hərbi-siyasi blokun rəhbəri əlavə edib ki, İsveç və Finlandiya sayəsində NATO-nun çəkindirmə və müdafiə potensialı güclənəcək və bütün dünya görəcək ki, NATO-nun qapıları açıqdır.
Stoltenberq deyib ki, sammit çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzv ölkələrin liderləri qarşısında çıxış edəcək və Ukraynaya hərtərəfli dəstək paketi də təsdiqlənəcək.
Öz növbəsində İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, sammitdə qəbul ediləcək qərarlar NATO-nun gələcək 10 il ərzində imkanlarını və resurslardan istifadəsini müəyyən edəcək.
"Dünya bizi izləyir. Biz hamıya birliyimizi, həmrəyliyimizi, ümidləri doğrulda biləcəyimizi göstərəcəyik", deyə Sançes vurğulayıb.
Sançes həmçinin Türkiyə, Finlandiya və İsveçi Skandinaviya ölkələrinin Alyansa daxil olması ilə bağlı konsensus əldə etmələri münasibətilə təbrik edib.
"Bu iki ölkənin NATO-ya daxil edilməsi böyük dönüş nöqtəsi olacaq", deyə İspaniyanın baş naziri əlavə edib.
|