Teleaparıcı Vladimir Solovyov Azərbaycandan üzr istəyib29 İyun 2022, 17:59 (GMT +4) Bakı, 29 iyun, SalamNews . Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov ötən gün tanınmayan Qarabağın xarici işlər naziri David Babayanı efirə dəvət etdiyinə görə Azərbaycandan üzr istəyib. Solovyovun özünün izah etdiyinə görə, o, “hazırda Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozub”.
SalamNews xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Mən siyasi səhv etmişəm, çünki indi Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozdum. Təbii ki, “Qarabağ təmsilçisini” efirə çıxarıramsa, balansı qorumaq və bunu düzgün etmək üçün Azərbaycan nümayəndəsini də efirə çıxarmalı idim. Sadəcə mən bunu növbəli şəkildə etməyə çalışdım, amma alınmadı. Bu məsələdə həm bir tərəflə, həm də digər tərəflə razılaşmaq lazım idi ki, jurnalist obyektivliyi olsun, ona görə də düşünürəm ki, çox hörmətli Azərbaycan tərəfdən necə şərh almaq olar. Üstəlik, bir daha demək istəyirəm ki, mən Rusiya-Azərbaycan münasibətlərinin dünyada oynadığı rolu yaxşı başa düşürəm və bu münasibətlərə nifaq salmamağın nə qədər vacib olduğunu anlayıram. Bir daha deyirəm ki, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazıram və təbii ki, ilk növbədə, bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm. Ona görə də federal radionun efirində bu mövzunu işıqlandırarkən obyektivlik qaydalarına əməl etmədiyim üçün üzr istəyirəm. Mənə daha çox siyasi müdriklik və siyasi nəzakət göstərmək lazım idi. Bu, şübhəsiz ki, mənim siyasi səhvimdir, ona görə də üzr istəyirəm", deyə Solovyov vurğulayıb.
İyunun 28-də Solovyov öz efirinə qondarma respublikanın "xarici işlər naziri" ilə efirə çıxması Azərbaycan tərəfinin narazılığına səbəb olub. Separatçının müsahibəyə dəvət edilməsi faktı ictimaiyyəti qəzəbləndirib.
|