Bayden Ərdoğana F-16 qırıcıları vəd edib30 İyun 2022, 11:20 (GMT +4) Bakı, 30 iyun, SalamNews . ABŞ prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO sammitində Ankaraya F-16 qırıcılarının verilməsi məsələsini müzakirə ediblər.
SalamNews xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Türkiyə telekanalının Ağ Evdəki mənbələri iddia edir ki, danışıqlar zamanı Amerika lideri həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.
Söhbət 40 yeni "F-16 Block 70" qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın dəstdən gedir. Ağ Evdən verilən rəsmi açıqlamalara görə, Bayden və Ərdoğan həqiqətən də Ankaraya F-16-ların tədarükü məsələsini müzakirə ediblər, lakin ABŞ prezident administrasiyası Baydenin hər hansı vədi faktını hələ təsdiq etməyib.
Eyni zamanda, bir sıra Avropa KİV-ləri bu məsələni Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı narazılığının aradan qaldırılması ilə əlaqələndirir. Bununla belə, Vaşinqton iki şimal dövlətinin NATO-ya üzvlüyünü dəstəkləmək müqabilində Türkiyəyə heç nə təklif olunmadığını iddia edir.
|