Qətərin xarici işlər naziri nüvə və region danışıqlarını canlandırmaq üçün Tehrana gedib06 İyul 2022, 15:38 (GMT +4) Bakı, 6 iyul, SalamNews, B.Samid. Qətərin xarici işlər naziri İran-ABŞ və İran–Səudiyyə danışıqlarını canlandırmaq üçün Tehrana gedib.
SalamNews İRNA agentliyinə istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd ibni Əbdürrəhman Ali-Sani bu gün Tehrana gedib.
Qətərin XİN rəhbərini iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan qarşılayıb. İran XİN-də keçirilən görüşdən sonra tərəflər mətbuat konfransı keçiriblər.
İranın xarici işlər naziri bildirib ki, ölkəsi bundan öncə Qətərdə keçirilən nüvə danışıqlarında kənar tələblər irəli sürməyib.
“Son danışıqlarda biz əsas məsələyə diqqət yetirdik və bu, nüvə sazişindən irəli gələn İranın iqtisadi mənafeyini təmin edən məsələlərdə ABŞ tərəfindən lazımi zəmanətin verilməsidir. Zəmanət əldə etmək yolunda Amerika öhdəlik götürməlidir ki, İran 2015-ci il sazişindən tam şəkildə faydalanacaq”, deyə Abdullahiyan əlavə edib.
İran mətbuatının məlumatına görə, Qətərin XİN rəhbəri İranla ABŞ və İranla Səudiyyə arasında danışıqlara müsbət mənada təkan vermək üçün səfərdədir.
|