Pakistanın baş naziri dünya ictimaiyyətini Taliban hökuməti ilə əməkdaşlığa çağırıb16 Avqust 2022, 13:13 (GMT +4) Bakı, 16 avqust, SalamNews, B.Samid. Pakistanın baş naziri Şahbaz Şərif dünya ictimaiyyəti və dövlətlərini Taliban hökuməti ilə əməkdaşlığa və bu ölkəyə məxsus dondurulmuş pulların buraxılmasına çağırıb.
SalamNews xəbər verir ki, Pakistanın baş naziri bunu ABŞ-ın “Newsweek” jurnalına müsahibəsində deyib.
Əfqanıstanın Talibanın nəzarətinə keçməsinin birinci ildönümü ərəfəsində verilən müsahidədə Pakistanın baş naziri dünya ictimaiyyətini hərəkatın formalaşdırdığı hökumətlə əməkdaşlığa çağırıb.
O deyib: “2021-ci il avqustun 15-dən sonrakı bir il ərzində baş verənlərə nəzər salsaq, beynəlxalq ictimaiyyətin əsas prioritetləri Əfqanıstanda uzunmüddətli münaqişənin qarşısının alınması, beynəlxalq təşkilatların Əfqanıstandan təhlükəsiz təxliyəsinin təmin edilməsi, miqrant axınının idarə edilməsi və humanitar yardımın xalqa göstərilməsi, xüsusilə də son qışda yardımların çatdırılması idi. İlkin narahatlıqlara baxmayaraq, beynəlxalq ictimaiyyətin, Əfqanıstanın qonşularının davamlı və praktiki iştirakı və Əfqanıstanın müvəqqəti hökumətinin səyləri ilə bu məsələlər nisbətən qənaətbəxş şəkildə həll edildi. Əfqanıstandakı acınacaqlı iqtisadi və humanitar vəziyyətin davam etməsini nəzərə alaraq, beynəlxalq ictimaiyyətə mesajımız bu ölkə qarşısında öhdəliklərinə sadiq qalmaq və Əfqanıstanın müvəqqəti hökumətinə mühüm sosial və iqtisadi sahələrdə yardımı davam etdirmək və ölkənin maliyyə aktivlərindən yardım məqsədilə və sabit iqtisadi vəziyyəti yaratmaq üçün istifadə etmək olacaq.”
|