Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür30 Noyabr 2022, 08:38 (GMT +4) Bakı, 30 noyabr, SalamNews, S.Bağırov. Hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının beşi İslam Peyğəmbərinin (s) nəvəsi, birinci imam Əli ibni Əbu-Talibin (ə) qızı, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.
SalamNews xəbər verir ki, həzrət Zeynəb hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin qızı xanım Fatimeyi-Zəhranın (ə) evində dünyaya gəlib. Peyğəmbər yeni doğulmuş körpənin adını Zeynəb qoyub. Zeynəb "atasının zinəti və bəzəyi" deməkdir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda və bir məkanda yaşayıb.
Xanım Zeynəb İmam Hüseyn (ə) ilə birlikdə Kərbəlada olub, tarixin ən böyük cinayətinə şahidlik edib və o cinayəti hamıdan çox ifşa edib. Kərbəla döyüşü sonrasında Məhərrəm ayının onunda (Aşura günü) digər Əhli-beyt üzvlərilə birlikdə əsir düşmüş və Üməyyə məmurları tərəfindən Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanlara irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur. Xanım Zeynəb şücaət, fəsahat və bəlağəti ilə nümunə göstəriləcək bir şəxsiyyəti ilə Kərbəla qiyamının daima yadda qalmasına səbəb olmuşdur. Kərbəla faciəsinin əsl şahidi olan xanımın ləqəblərindən biri də “Ümmul-Məsaib”dir. Bu, dəhşətli "müsibətlər görümüş qadın", deməkdir.
Tarixi qeydlərə görə xanım hicrətin 63-cü ilində elə Şamda vəfat etmiş və orada dəfn edilmişdir. Daha çox məqbul hesab edilən tarixçi rəylərinə görə həzrət Zeynəbin məzarı indiki Dəməşq şəhərində Seyyidə Zeynəb qəsəbəsindədir. Onun məzarı üzərində həmişə çoxlu sayda zəvvar olub. Əhlibeytsevər zəvvarlar Suriyada daxili müharibə dövründə təkfirçi qüvvələrin təhdid və hücumlarına baxmayaraq həzrət Zeynəbin məqbərəsini tək qoymadılar və onu qoruyaraq Əhli-Beytə olan sevgisini bir daha isbat etdilər.
|