Pentaqon Ukraynaya "NASAMS" sistemlərinin tədarükü üçün 1,2 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb01 Dekabr 2022, 10:55 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. ABŞ "NASAMS" zenit-raket komplekslərinin alınması üçün çərşənbə günü "Raytheon" şirkəti ilə təxminən 1,2 milyard dollar dəyərində müqavilə imzalayıb.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
"Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərmək məqsədilə beşinci təşəbbüslər paketinin bir hissəsi olaraq, ABŞ Ordusu "Raytheon Missiles and Defense" şirkəti ilə Kiyevi altı "NASAMS" batareyası ilə təchiz etmək üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb. Bu məbləğə Ukrayna Silahlı Qüvvələri və Təhlükəsizlik Qüvvələrinə təlimlər keçmək və maddi-texniki dəstək də daxildir", deyə məlumatda deyilir.
Qeyd olunur ki, hava hücumundan müdafiə sistemlərinin istehsalı və təhvil verilməsi təxminən iki il çəkir, lakin ABŞ ordusu və istehsalçıları bu müddəti azaltmağa çalışırlar.
Bundan öncə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı, Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Ukraynaya əlavə altı "NASAMS" zenit-raket kompleksinin tədarükü “bir neçə il çəkəcək”.
|