Medvedyev: Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb01 Dekabr 2022, 16:22 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb, təşkilatçılar həqiqətə qulaq asmamaq üçün Rusiyanı dəvət etməkdən qorxurlar.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
"Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb. Onlar indi həqiqəti dinləməmək üçün Rusiya nümayəndələrini dəvət etməyə qorxurlar. Amma həqiqət yavaş-yavaş öz siyasi liderləri tərəfindən çərçivəyə salınan avropalılara çatmaqdadır", deyə Medvedyev "Twitter"də qeyd edib.
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen bazar ertəsi bildirib ki, Rusiya rəsmiləri qarşıdan gələn konfransa dəvət edilməyib. Onun sözlərinə görə, bunun əvəzinə təşkilatçılar “Rusiyanın gələcəyini ölkənin müxalifət liderləri və mühacirətdə olan insanlarla müzakirə etmək” istəyirlər.
59-cu Münhen Təhlükəsizlik Konfransı 2023-cü ilin 17-19 fevral tarixlərində keçiriləcək. Tədbirin saytında yerləşdirilən məlumata görə, konfransın əsas mövzulardan biri Ukraynadakı vəziyyət olacaq.
|