Şarl Mişel: Ukraynadakı münaqişə ABŞ-a Aİ-dən daha az təsir edir03 Dekabr 2022, 15:27 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Avropa Şurasının rəhbəri Şarl Mişel Ukrayna böhranının Avropa İttifaqı və ABŞ-a fərqli təsir etdiyini vurğulayıb.
SalamNews "TASS"a istinadla verdiyi xəbərə görə, Mişel bu barədə şənbə günü “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
"Münaqişənin ABŞ-a təsiri Avropadakı kimi deyil. ABŞ enerji ixracatçısıdır. Aİ yüksək qiymətlərdən əziyyət çəkir, bizim iqtisadi tənəzzüllə üzləşmək riskimiz var. Avropa biznesləri enerjiyə daha çox pul ödəyir və ABŞ biznesləri ilə rəqabətlə üzləşir", deyə Mişel qeyd edib.
Çinə səfərini şərh edən Avropa Şurasının rəhbəri səfərin zəruri olduğunu qeyd edib və deyib ki, bu, məhz “indi” baş verməli idi.
"Çin son dərəcə mühüm qlobal oyunçudur və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onun Rusiya ilə əlaqələri var. Aİ-nin mühüm iqtisadi maraqları və təchizat zəncirləri ilə əlaqələri var. Bu, həm də insan hüquqları üzrə institusional dialoqu canlandırmaq üçün bir fürsət idi. Aİ Çin və ABŞ arasındakı rəqabətdə sövdələşmə vasitəsi ola bilməz", deyə Mişel qeyd edib.
Mişel Rusiya prezidenti Vladimir Putinə zəng edə biləcəyini də istisna etməyib.
"Bu, sonuncu dəfə apreldə olub. Mən təşəbbüsü ələ alıb yaxın gələcəkdə prezident Putinə zəng etmək fikrində deyiləm. Üzv dövlətlərlə vəziyyəti qiymətləndirəcəyəm, istisna etmirəm, lakin bu, hazırda gündəmdə deyil", deyə Avropa Şurasının rəhbəri qeyd edib.
|