Zelenski: Rusiyaya qarşı ittihamlar arasında mina terroru da olacaq09 Dekabr 2022, 10:53 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Prezident Volodimir Zelenski əmindir ki, Rusiya işğalçılarının ukraynalılara qarşı mina terroru raket terrorundan daha dəhşətlidir.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, Zelenski vurğulayıb ki, mina təhlükəsinə qarşı illərlə mübarizə aparmaq lazım olacaq, çünki söhbət 170 min kvadrat kilometrdən çox təhlükəli ərazidən gedir.
Dekabrın 8-də ənənəvi axşam müraciətində Zelenski qeyd edib ki, bir gün əvvəl Xerson vilayətində mina partlayışı nəticəsində həlak olan polis əməkdaşlarına ölümündən sonra dövlət mükafatları verilməsi haqqında fərman imzalayıb.
"Onlar ukraynalıların təhlükəsizliyi üçün hər şeyi edirdilər. Xerson bölgəsindəki tapşırıqlardan birini yerinə yetirdikdən sonra geri qayıdan polis əməkdaşları minaya düşüblər", deyə ölkə başçısı qeyd edib.
Zelenski bildirib ki, bu Rusiya terrorunun elə bir bir növüdür ki, onunla illərlə mübarizə aparmaq lazım olacaq.
"Terrorçular bilərəkdən geridə mümkün qədər çox ölümcül tələ buraxmağa çalışırlar. Basdırılmış minalar, minalanmış binalar, nəqliyyat vasitələri və infrastruktur", deyə prezident əlavə edib.
Prezident əlavə edib ki, söhbət 170 min kvadrat kilometrdən çox təhlükəli ərazidən gedir.
"Mən əminəm ki, Rusiyaya qarşı ittihamlar arasında mina terroru da olacaq. Mina terroru, raket zərbələrindən daha dəhşətlidir. Çünki bu təhlükənin bir hissəsini aradan qaldırmaq üçün hava hücumundan müdafiə sistemləri kimi hər hansı bir sistem mövcud deyil", deyə Zelenski vurğulayıb.
Prezident həmçinin minaların təmizlənməsində Ukraynaya kömək edən bütün tərəfdaşlara təşəkkürünü bildirib. Söhbət Kanada, Yaponiya, Böyük Britaniya, Slovakiya və digər ölkələrdən gedir.
|