Putin «çoxqütblü dünya nizamının» konturlarının yarandığını açıqlayıb09 Dekabr 2022, 13:22 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Çoxqütblü dünya nizamının yaranması tarixin obyektiv prosesidir, buna müqavimət göstərmək mümkün deyil.
Bunu Rusiya prezidenti Vladimir Putin cümə günü Moskvada keçirilən ŞƏT və MDB-yə üzv dövlətlərin müdafiə qurumları rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində deyib.
"Həqiqətən də gözümüzün qarşısında çoxqütblü dünya nizamının konturları yaranır. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil", deyə prezident qeyd edib.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, Putin bildirib ki, Asiya, Afrika və Latın Amerikasında milli maraqlarını getdikcə daha çox müdafiə edən, suverenliyini və öz inkişaf yolu hüququnu qoruyan yeni inkişaf mərkəzləri formalaşır.
Putin vurğulayıb ki, o, ŞƏT və MDB ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşünü əhəmiyyətli hesab edir.
Onun sözlərinə görə, belə birgə iş ilk növbədə xarici təhdidlərdən qorunma, qlobal və regional sabitliyin təmin edilməsi ilə bağlı ən geniş spektrli məsələlərin uğurla həllinə imkan verəcək.
|