BMT nümayəndəsi Yəməndə husilərin lideri ilə görüşüb17 Yanvar 2023, 12:08 (GMT +4) Bakı, 17 yanvar, SalamNews, S.Bağırov. BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndə münaqişənin nizamlanması istiqamətində bu ölkəyə səfər edib. O, burada Ənsarullah hərəkatının və Yəmənin “Milli Qurtuluş Hökuməti”nin rəsmilərilə görüşüb.
SalamNews Yəmənin “Səbə” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, BMT-nin nümayəndəsi Ənsarullah hərəkatının dəstəklədiyi hökumətin başçısı, “Yəmənin Ali Siyasi Şurası”nın sədri Mehdi əl-Maşatla görüşüb. Tərəflər Yəməndə daimi sülhün təmini və münaqişənin nizamlanması mövzusunda danışıqlar aparıblar. Digər tərəfdən Mehdi əl-Maşat eyni məqsədlə Oman Sultanlığının nümayəndə heyətilə keçirilən görüşdə Səudiyyə Ərəbistanı koalisiyası tərəfindən sülh və atəşkəslə bağlı nisbətən müsbət təkliflərin gəldiyini bildirib. O, bildirib ki, bu təkliflərdə paytaxt Səna hava limanının üçuşlarının tam bərpa edilməsi, strateji əl-Hudeyda dəniz limanının fəaliyyətinin bərpası, habelə (husilərin hökumətinin nəzarətində olan bölgələrdə) dövlət işçilərininin maaşlarının ödənilməsi məsələsi öz əksini tapıb.
|