FHN-in Bakı Regional Mərkəzində zona birinciliyi keçirilib19 Aprel 2023, 17:10 (GMT +4) İstanbul, 19 aprel, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Bu barədə SalamNews-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək “Heydər Əliyev ili”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyinə qatılan iştirakçılara uğurlar arzulayıb. Çıxışında ölkəmizin bugünkü uğurlarının əsasında ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin, xalqına, Vətəninə sonsuz məhəbbətinin dayandığını bildirən Məhərrəm Həsənov Dahi Rəhbərin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və öndər kimi əbədi qalacağını qeyd edib. Ulu Öndərin mütərəqqi siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Məhz bunun nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan dədə-baba torpaqlarımız cəmi 44 gün ərzində şanlı Ordumuz tərəfindən azad olundu, ölkəmizin ərazi bütovlüyü bərpa edilib.
Sonra FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov çıxış edərək yarışın gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb və iştirakçılara uğurlar arzulayıb, “Heydər Əliyev İli”nin əhəmiyyətindən, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıblar.
Daha sonra yarışa start verilib.
Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Yasamal rayonu 31 nömrəli orta məktəbin komandası I yerə, Nizami rayonu 220 nömrəli orta məktəbin komandası II yerə, Xətai rayonu 95 nömrəli orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, yarışda ilk 2 yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
|